REGİONLAR


Göyçayda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Göyçay, 20 noyabr, AZƏRTAC

Göyçay rayonunun Qəbələ Müskürlü kəndində Vətən müharibəsi şəhidi Təbriz Məhəmmədəli oğlu Xancanovun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət ediblər. Üstünə çiçəklər düzülüb, ruhuna dua oxunub, xatirəsi ehtiramla anılıb. İcra başçısı Mehdi Səlimzadə çıxış edərək vurğulayıb ki, vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü naminə gənclərimizin qəhrəmanlığı, müqəddəs amalı xalqımızın böyüklüyünün, müdrikliyinin nümunəsidir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük ehtiramla, minnətdarlıqla yad edəcək. Bu gün hər birimiz bizlərə Qələbə sevincini yaşadan şəhidlərimizlə fəxr edirik, Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Kənddə bulağın açılışında şəhid Təbriz Xancanovun qısa həyat tarixçəsindən, keçdiyi döyüş yolundan xatirələr söylənilib. Bildirilib ki, Təbriz Xancanov 1996-cı il iyunun 9-da Göyçayın Qəbələ Müskürlü kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, qəhrəmancasına vuruşub. 2020-ci il noyabrın 19-da Suqovuşan istiqamətindəki döyüşdə şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Bulağın açılış mərasimində çıxış edən şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.