REGİONLAR
Göyçayda soya və qarğıdalı əkininə başlanılıb
Göyçay, 10 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda soya və qarğıdalı əkini üçün görülən hazırlıq işləri başa çatdırılıb.
Göyçay Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, kəndlərdə əkin üçün yararlı torpaq sahələri seçilib, mütəxəssislər sahələrə baxış keçirib, torpağın şumu çıxarılıb, arat və səpinqabağı mala çəkilməsi işləri görülüb.
Bu günlərdə rayonda soya və qarğıdalı əkininə başlanılıb. Rayonun fermerləri ilə Yevlax rayonunda fəaliyyət göstərən “Azərtoxum” MMC arasında müqavilə bağlanılıb. Kəndlilər lazımi qədər toxum və gübrə tədarük edib.
Qısa müddətdə rayonun Məlikkənd və Qızılağac kəndlərində 46 hektar sahəyə soya toxumu səpilib və hazırda bu istiqamətdə işlər davam etdirilir. Bundan əlavə, indiyədək rayonun 10-dan çox kəndində 200 hektar sahədə qarğıdalı əkilib. Bu il rayonda 400 hektar sahədə qarğıdalı əkini gözlənilir. Həmçinin hazırda rayonun Kürdşaban, Mallı-Şıxlı, Məlikkənd və Müskürlü kəndlərində 100 hektar sahədə çəltik əkini üçün hazırlıq işləri görülür. Çəltik səpini gələn ay aparılacaq.
Rayonda yazlıq bitkilərin əkini üçün ümumilikdə 1000 hektara yaxın torpaq sahəsi ayrılaraq şum çıxarılıb. Əkinlərin suvarılması və torpağın şor sularından təmizlənməsi üçün lazımi tədbirlər görülüb.
Qeyd edək ki, Göyçayda soya bitkisinin əkini ilk dəfə olaraq həyata keçirilir. Ötən il rayonda 25 hektar çəltik və 350 hektar qarğıdalı əkilmişdisə, cari ildə bu bitkilərin əkin sahəsi daha da artırılacaq.