REGİONLAR
Göyçayda taxıl biçini başa çatıb
Zəmilərdən 47 min 990 tonadək məhsul götürülüb
Göyçay, 5 iyul, AZƏRTAC
Göyçay rayonunun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri biçin kampaniyasını başa çatdırıblar. Zəmilərdən 47 min 989,6 ton məhsul yığılıb ki, bu göstərici ötən ildəkindən 241,8 ton çoxdur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 15 min 591 hektarda taxıl yetişdirilmişdi. Zəmilərin 8 min 740 hektarı buğda, 6 min 851 hektarı isə arpa idi. Biçin kampaniyasında 45-dək kombaynın gücündən istifadə edilib. Hər hektardan orta məhsuldarlıq 30,8 sentner olub. Məhsuldarlıq keçən ildəkinə görə 1,8 sentner artıb.
Rayonun bəzi ərazilərində, o cümlədən Qaraməryəm, Bığır, Şəkər, Yeniarx, Alpout və bir sıra digər ərazi dairələrində məhsuldarlıq daha yüksək olub.