REGİONLAR
Göyçayda taxıl biçininə başlanılıb
Göyçay, 30 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçayda taxıl biçini kampaniyasına başlanılıb. Rayonda ilk olaraq arpa biçilir. Bu məqsədlə sahələrə 10 kombayn və bir o qədər də yük avtomobili cəlb olunub.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul götürəcəklərinə əmindirlər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələri səfərbər ediblər.
Göyçay rayonunda taxılçılıqla məşğul olan kənd əməkçilərinin sayı artaraq 5 min nəfərə çatıb. Onlar dövlətdən aldıqları subsidiyalar hesabına ildən-ilə əkin sahələrini və məhsuldarlığı daha da artırmağa çalışırlar. Cari ildə rayonda kəndli fermerlər və fərdi torpaq mülkiyyətçiləri öz təsərrüfatlarında 14 min 709 hektar sahədə taxıl becəriblər. Bunun 7330 hektarını arpa, 7409 hektarını buğda təşkil edir.
Ötən üç gündə rayonda 201 hektar sahədən məhsul toplanılıb. Arpa zəmisində hər hektarda orta hesabla məhsuldarlıq 25 sentnerdir. Yaxın günlərdə rayonda buğda biçininə də başlanılacaq.
İdarənin rəisi Elçin İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il rayonda kombayn çatışmazlığı problemi yoxdur, fermerlərin məhsulu vaxtında biçilərək təhvil veriləcək. Buğda biçini başlayanda rayonda daha çox kombayna ehtiyac olacaq. Ona görə də, dağlıq rayonlarda taxıl biçini vaxtı gec olduğu üçün oradakı kombaynlar Göyçaya cəlb olunacaq. Hava yağmursuz keçərsə, taxıl biçininin iyulun ortalarınadək başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, taxıl sahələrində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bu il bol məhsul yetişib. Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olacaq. Keçən il rayonda 14 min 622 hektar sahədən 41240 ton taxıl tədarük edilib.