CƏMİYYƏT


Göyçayda tərkibində xəstəlik törədiciləri aşkarlanan 235 kiloqram ət məhv edilib

Bakı, 10 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonu, Çayarxı kəndində Kərimov Ağalar Nurəmməd oğluna məxsus heyvan kəsimi sahəsinə baxış keçirilən zaman 235 kiloqram istehlaka yararsız ət aşkar olunub. İlkin araşdırmalar zamanı ətin orqanoleptik görüntülərinə əsasən istehlaka yararsız olduğu ehtimal edilərək heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında ekspertizaya cəlb edilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan analizlər nəticəsində ətin istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb. Ətin tərkibində Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli 167 nömrəli qərarı ilə təsdiqlənmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklər” siyahısına daxil edilən təhlükəli bakteriya və göbələk mənşəli xəstəliklərin törədiciləri aşkarlanıb.

Heyvan cəmdəkləri Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonunun məişət tullantıları poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun olaraq məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir və vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.

Agentlik vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağrı mərkəzi”nə zəng edib məlumat verməyi xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.