REGİONLAR


Göyçayda yeni avtovağzalın inşası başa çatıb

Göyçay, 29 iyun, AZƏRTAC

Göyçay rayonunda yeni müasir avtovağzal binasının inşası başa çatıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarındakı köhnə və qəzalı vəziyyətə düşmüş avtovağzal binası sökülərək yerində müasir bina inşa edilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin sifarişi ilə 5500 kvadratmetr ərazidə aparılan tikinti işlərinə 8 ay əvvəl başlanılıb. Hörgü işlərindən sonra avtovağzalın inzibati binasında və perronda təmir və quraşdırma işləri görülüb. Müasir arxitektura üslubunda inşa olunan yeni avtovağzalın inzibati binasında və eyni vaxtda 30 avtobusun dayanması üçün tikilən perronda nümunəvi xidmət üçün hər cür şərait yaradılıb. Perronda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılıb.

Göyçay şəhərinə yeni görkəm verən bina ən müasir şəraiti ilə rayona gələn qonaqların zövqünü oxşayacaq. Avtovağzal kompleksində xidməti otaqlarla yanaşı, sərnişinlərin rahatlığı üçün gözləmə zalı, ictimai-iaşə obyekti, tibb məntəqəsi, ana və uşaq otağı, ibadət otağı fəaliyyət göstərəcək. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa ediləcək, yaşıllıq sahəsi yaradılacaq. Gələcəkdə avtovağzalın ərazisində otel də inşa ediləcək. Hazırda avtovağzalın həyətinə asfalt örtüyü döşənir, son tamamlama işləri görülür. Avtovağzalın iyulun 15-dək istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Göyçay avtovağzalından Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və digər rayonlar istiqamətində, eləcə də Göyçayın kəndlərinə hər gün 60-a yaxın sərnişin avtobusu yola düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.