REGİONLAR
Göyçayın kəndində “İgidlər parkı”nın açılışı olub VİDEO
Göyçay, 3 fevral, AZƏRTAC
Göyçay rayonunun Ləkçılpaq kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə salınmış “İgidlər parkı”nın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində şəhid olan kənd sakinlərinin xatirəsinə salınan parkın açılışında rayon rəhbərliyi, şəhid ailələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdəki çıxışlarda bildirilib ki, ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad edərək tarixi qələbə qazanıb. Bu qələbədə canlarını qurban verərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Qeyd edək ki, parkda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xüsusi işıqlandırma sistemi ilə xatirə lövhələri hazırlanıb, habelə monitor quraşdırılıb. Monitorda kənddən müharibədə iştirak edənlər barədə videoçarxlar nümayiş etdiriləcək, fotoları göstəriləcək. Parkın ərazisində yaşıllıq salınıb, işıqlandırma sistemi quraşdırılıb və sakinlərin istirahəti üçün oturacaqlar qoyulub.
Kənd sakinləri Vətən uğrunda canlarını qurban verən qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.