REGİONLAR


Göyçayın nar bağlarında məhsul yığımı davam edir

Göyçay, 16 noyabr, AZƏRTAC

Göyçayda nar tədarükü davam edir. Fermerlər və fərdi təsərrüfat sahibləri tərəfindən indiyədək 26 min tondan çox nar yığılıb. Yığılan narın 50 faizdən çoxu Rusiya və Ukraynaya ixrac olunub. Qalan hissəsi yerli bazarlara çıxarılır, zədəli məhsul isə emal müəssisələrinə satılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, narçılıq Göyçayda əhalinin məşğul olduğu əsas təsərrüfat sahələrindəndir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda bağların sahəsi 3632 hektara çatıb. Bunun da 3562 hektarı bar verəndir. Bu il hər ağacdan orta hesabla 30-50 kiloqram meyvə yığılır.

Göyçayda narçılığa maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması üçün tədbirlər görülür. Son iki ildə 70 hektar sahədə yeni nar bağları salınıb. Rayonun 20-yə yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında əsasən ixrac qabiliyyətinə malik “Gülövşə”, “Vələs” və “Bala Mürsəl” sortlarını yetişdirməsinə üstünlük verilir.

Təsərrüfat sahibləri nar yığımının noyabrın sonunadək başa çatdırılması üçün ciddi səy göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.