REGİONLAR


Göyçaylı fermer: Yetişdirdiyimiz xurmaya daxili və xarici bazarlarda böyük tələbat var VİDEO

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”

Bakı, 4 sentyabr, AZƏRTAC

İyirmi hektar xurma bağım var. Ağaclara aqrotexniki qaydada qulluq edirik. Yetişdirdiyimiz sorta xalq arasında “şişburun xurma” deyilir. Dequstasiya indeksi yüksək olduğuna görə insanlar arasında çox sevilir.

Bunu AZƏRTAC-a müsahibəsində Göyçay rayonunun Qızılağac kənd sakini, fermer Gündüz Mahmudov deyib.

Təsərrüfatçı artıq məhsulun yetişmə ərəfəsində olduğunu bildirib: “Noyabrda xurma tam yetişmiş olacaq. Hazırda xurma bağında 20-dək ailənin üzvləri çalışır. Yetişdirdiyimiz xurmaya daxili və xarici bazarlarda böyük tələbat var. Ona görə də məhsulumuzu həm daxili bazarda satmaq, həm də ixrac etmək istəyirik”.

Göyçaylı fermer xurmanın insan üçün faydalarından da danışıb: “Bu meyvənin tərkibində olan fosfor insan beyninin ehtiyaclarını təmin edir. Sinir sisteminə sakitləşdirici təsir göstərmək xüsusiyyəti var. Böyrək daşını əridir, görmə qabiliyyətini gücləndirir. Şişburun xurmanın tərkibində yod çoxdur, bu səbəbdən qalxanvari vəz xəstəliklərindən əziyyət çəkən insanlar üçün əvəzsiz meyvədir”.

Qeyd edək ki, rayonda xurma bağlarından yığılan məhsulun təxminən 80 faizi Rusiya və digər MDB ölkələrinin bazarlarına göndərilir. Xurma məhsulunun bağlardan toplanması, qablaşdırılması, avtomobillərə yüklənməsi və xarici ölkələrə daşınması prosesinə yüzlərlə rayon sakini cəlb olunur ki, bu da onların mövsümi işlə təmin edilməsi deməkdir.

Göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması və meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi, eləcə də hazırda xurma qurutma fabriki və logistik mərkəzin inşa edilməsi ilə əlaqələndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.