REGİONLAR
Göyçaylı kümçülər 5 min 292 kiloqram barama təhvil verib
Göyçay, 20 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda şəxsi təsərrüfatlarda ipəkqurdu yetişdirən kəndlilər barama tədarükünü başa çatdırıblar.
Göyçay rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il Qax Damazlıq Baramaçılıq Stansiyasından inkubasiya olunmuş 1900 qram ipəkqurdu toxumu (100 qutu) Göyçaya gətirilərək 44 kümçü arasında paylanılıb. Bu da əvvəlki ildəkindən üç dəfə çoxdur. Kəndlilər keyfiyyətli barama məhsulu əldə etmək üçün ipəkqurdunu lazımi qədər tut yarpağı ilə təmin ediblər. İyunun 1-dən məhsul tədarükünə başlayan kümçülər yetişdirdikləri məhsulu əvvəlcədən bağladıqları müqaviləyə əsasən “Şəki İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər. Bu gün məhsul toplanışı başa çatıb və rayon üzrə əldə edilən 5292 kiloqram baramanın hamısı tədarük məntəqəsinə təhvil verilib. Bu da əvvəlki ildəkindən 4153 kiloqram çoxdur.
Qeyd edək ki, uzun illər fasilədən sonra 2016-cı ildə Göyçay rayonunda baramaçılığın inkişafı üçün tədbirlər görülməyə başlanılıb. Ötən il rayonda 17 kümçü Qax Damazlıq Baramaçılıq Stansiyasından inkubasiya olunmuş 475 qram ipəkqurdu toxumu götürmüş və 1139 kiloqram barama tədarük edərək “Şəki İpək” ASC-yə təhvil vermişdi. Çəkdikləri zəhmətin müqabilində əldə etdikləri qazancdan razı qalan göyçaylı kümçülər daha çox barama istehsal etmək üçün ötən ilin payızında boş torpaqlarda yeni tut bağları salıblar.
Ötən il Çindən Göyçaya gətirilən 40 min ədəd tut tingi 4 hektar əraziyə əkilib. Həmçinin Göyçayda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə yerli sakinlərin öz təşəbbüsü, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə əlavə olaraq 24 kənddə 12 hektar sahədə yeni tut bağı salınıb. Həmin bağlarda, ümumilikdə, 10 min yerli tut tingi əkilib.