CƏMİYYƏT
Göygöl Milli Parkında “Fərqli tur, fərqli yanaşma” şüarı altında ekotur keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Göygöl Milli Parkında “Fərqli tur, fərqli yanaşma” şüarı altında macəra turu təşkil olunub.
“Kap.az” Fərqli Turizm Klubu və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun dəstəyi ilə keçirilən təbiət yarışmasına 50-dək iştirakçı qoşulub.
Göygöl Milli Parkının direktoru Xaliq İsgəndərov AZƏRTAC-a bildirib ki, macəra turuna qoşulan iştirakçılar 7 kilometr məsafəni qət edərək milli parkın füsunkar təbiəti, dağ yolları, meşəsi və ekoturizm marşrutları ilə tanış olublar.
“Tur zamanı ekstremal offroad, oxatma, müxtəlif xalq oyunları kimi müsabiqələr keçirilib və qaliblər mükafatlandırılıb.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd milli parklarda ekoloji turizmin təbliğinə nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, eyni zamanda, milli parklara turistlərin marağını artırmaqdır”, - deyə milli parkın direktoru qeyd edib.
Qeyd edək ki, bu, noyabr ayı ərzində Azərbaycanın milli parklarında ekoloji turizmi təbliğ etmək üçün təşkil olunan sayca dördüncü tədbirdir.