REGİONLAR


Göygöl Suvarma Sistemləri İdarəsi yeni suvarma mövsümünə hazırdır VİDEO

Göygöl, 7 may, AZƏRTAC

Yeni suvarma mövsümündə suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən nəzərdə tutulan tədbirlər planına uyğun olaraq bütün işlər yerinə yetirilib. İdarə artıq kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə kanalların su limitlərini təsdiq edib. Dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün tam hazırdır.

AZƏRTAC xəbər verir ki, Göygöl rayonu ərazisində 12510 hektar əkin sahəsi Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma suyu ilə təmin edilir. Artıq idarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılması və qəzasız fəaliyyəti təmin olunub. 685 min kubmetr lildən təmizlənmə işi görülüb. Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədilə müvafiq işlər də aparılıb. Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcraları mexanizmlə təmizlənib. 50 ədəd hidrotexniki qurğu, 30 ədəd hidropost cari təmir edilib. Əsaslı təmir işləri çərçivəsində Xanarx magistral kanalının 2,1 kilometr hissəsində nəzərdə tutulan işlər keyfiyyətlə görülərək beton üzlüyə alınıb. Görülən işlər nəticəsində su itkisinin qarşısı alınıb, 1750 hektar əkin sahəsinin suvarılması təmin edilib.

Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov bildirib ki, idarənin balansındakı qurğular 5 mənbədən su götürür. Onlardan biri də Xanlararx kanalıdır. 1953-cü ildə inşa olunmuş bu kanal təsərrüfatlararası kanaldır və uzunluğu 19,7 kilometrdir. Başlanğıcını Gəncəçay su mənbəyindən götürən kanal 1068 hektar əkin sahələrinin suvarılmasına xidmət edir. Kanalın 2,5 kilometrlik hissəsi beton üzlüyə alınıb. Kanal mürəkkəb coğrafi ərazidən keçir. Belə ki, kanalın 14-cü kilometrliyində uzunluğu 85 metr olan tunel inşa edilib. Kanalın iş rejimi bərpa olunaraq suvarma suyu əkin sahələrinə itkisiz çatdırılır. Həmçinin boru kəmərinin 4 kilometr uzunluqdakı hissələrində cari təmir işləri aparılıb. Beton kanallarda 6 kilometrədək hissədə təmir işləri görülüb.

Bundan başqa, Xanlar arxında və Ərəbli arxında su itkisinin qarşısı alınıb və əkin sahələrinin tam suvarılması təmin edilib. Kürəkçay və Qoşqarçayda qapalı boru şəbəkələri də təmir olunub. Rayon ərazisinin əkin sahələrini suvarma suyu ilə təmin etmək, rayonda kənd təsərrüfatı məhsulları istehsalçilarının artırılmasına zəmin yaratmaq məqsədi ilə 246 ədəd subartezian quyusunda cari təmir işləri aparılıb. Əlavə olaraq 29 ədəd subartezian quyusunda təzə nasos aqreqatları quraşdırılıb. Nasos stansiyalarının fasiləsiz işini təmin etmək üçün də lazım olan bütün tədbirlər görülüb.

Prezidentin Sərəncamına uyğun olaraq əhalinin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə Balçılı kəndində 1, Quşqara kəndində 2, Nadil kəndində 1, Səmədli qəsəbəsində 1 və Gəncə şəhərində 1 subartezian quyusunun qazılmasına start verilib. Qeyd edək ki, Gəncəçayın üzərində yerləşən platina qurğusunda da təmir-bərpa işləri aparılıb və mütəmadi olaraq təmizlik işləri həyata keçirilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.