REGİONLAR
“Göygöl” ansamblı Macarıstana qastrol səfərinə hazırlaşır
Gəncə, 4 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı Macarıstana səfərə hazırlaşır. Ansamblın üzvləri oktyabrın 10-dan 12-dək paytaxt Budapeştdə qastrol səfərində olacaq.
AZƏRTAC xəbər verir ki, səfər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməkliyi və “Xan Şuşinski” Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.
Azərbaycanın Macarıstandakı səfirliyində keçiriləcək konsertdə Qarabağ şikəstəsi, Şahnaz muğamı, Segah və Şur təsnifləri, eləcə də digər milli musiqilər ansamblın ifasında macarlara təqdim olunacaq.
Konsertdə kollektivin bədii rəhbəri, Xalq Artisti, tarzən Fikrət Verdiyev, Əməkdar Artist Sevin Sarıyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Ehtiram Hüseynov, kamançada isə Habil Əliyev çıxış edəcək.
Qeyd edək ki, bu, ansamblın 2016-cı ildə xaricə ilk qastrol səfəridir. Gələn il üçün isə kollektiv İngiltərəyə səfər etməyi planlaşdırır.