REGİONLAR
Göygöl: əsas kapitala 2 milyon 136,2 min manat investisiya qoyulub
Göygöl, 22 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Göygöl rayonunda 2016-cı ilin doqquz ayında iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 104 milyon 403,3 min manat təşkil edib. Bunun da 58,8 faizi istehsal, 41,2 faizi isə xidmət sahələrinin payına düşüb. Hesabat dövründə rayonda 1043-ü daimi olmaqla, 1172 yeni iş yeri açılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Göygöl rayonunun doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib. Hesabat yığıncağında rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə bir sıra idarə və müəssisələrin fəaliyyətlərinin nəticələri qiymətləndirilib, müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, bu ilin doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 232,5 min manat çox olmaqla, 44 milyon 362,5 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Heyvandarlıq inkişaf edərək iribuynuzlu mal-qaranın sayı 20 min 652 başa, xırdabuynuzlu mal-qaranın sayı isə 167 min 613 başa çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 55,4 ton, ət istehsalı 8,9 ton, yun istehsalı 1,4 ton, yumurta istehsalı 8 min 300 ədəd artıb.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 192 subartezian quyusu, qapalı boru şəbəkəsinin 2 kilometr hissəsində, beton kanalların isə 7 kilometr hissəsində təmir işləri aparılıb. Çaylı kəndində əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə 4 kilometr məsafədən yeni boru xəttinin çəkilişinə başlanılıb.
Məruzədə vurğulanıb ki, rayonda fəaliyyət göstərən 22 sənaye müəssisəsi tərəfindən, ümumilikdə, 14 milyon 984 min manat dəyərində sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi yüksələrək 53,3 faizə çatıb.
Sahibkarlığın inkişafına yaradılan münbit şərait nəticəsində rayonda hüquqi şəxslərin sayı 532 nəfər olub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 27 sahibkara 244,5 min manat dəyərində güzəştli kredit verilib.
Hesabat dövründə əsas kapitala 2 milyon 136,2 min manat investisiya qoyulub ki, bunun da 2 milyon 30,9 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib.
Yığıncaqda Göygöl rayonunda reallaşdırılan infrastruktur layihələri, təhsil, səhiyyə müəssisələrinin fəaliyyəti və bir sıra sosial, mədəni tədbirlər haqqında ətraflı məlumat verilib.
Sonda təkliflər dinlənilib, səsləndirilən məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.