REGİONLAR
Göygöl rayonunda baytarlıq sahəsində fəaliyyət göstərən obyektlərdə baytarlıq-sanitariya tədbirləri aparılır






Göygöl, 3 iyun, Elcan Məmmədov, AZƏRTAC
Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən rayon ərazisində yerləşən mal-qara satışı bazarında profilaktiki dezinfeksiya işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mal-qara satışı bazarına müxtəlif yerlərdən satış məqsədilə heyvanların gətirildiyini nəzərə alaraq bazar ərazisində baytarlıq-sanitariya tələblərinə uyğun vaxtaşırı profilaktiki dezinfeksiya işlərinin aparılması bazar və rayon ərazisində heyvan xəstəliklərinin yayılmasının qarşısının alınmasına və epizootoloji sabitliyin qorunmasına xidmət edir. Belə tədbirlərin baytarlıq sahəsində fəaliyyət göstərən obyektlərdə - heyvandarlıq təsərrüfatlarında, heyvan kəsimi məntəqələrində, heyvan mənşəli məhsulların istehsalı, emalı və satışı müəssisələrində, ət satışı mağazalarında və s. vaxtaşırı aparılması da nəzərdə tutulur. Profilaktiki dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin əhəmiyyəti və vacibliyi barədə mütəmadi olaraq bu sahədə çalışan vətəndaşlar arasında tərəfimizdən maarifləndirmə və təbliğat işləri aparılır.
Qeyd edək ki, heyvan xəstəliklərinin yayılmasının qarşısının alınmasında və ərazidə epizootik sabitliyin qorunub saxlanmasında heyvanlar arasında peyvənd tədbirlərinin aparılması ilə yanaşı baytarlıq sahəsində fəaliyyət göstərən obyektlərdə baytarlıq-sanitariya tələblərinə uyğun dezinfeksiya və digər baytarlıq tədbirlərinin aparılmasının da böyük əhəmiyyəti var.