REGİONLAR
Göygöl rayonunda ötən il 881 daimi iş yeri açılıb
Göygöl, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq, ötən il Göygöl rayonunun iqtisadiyyatı dinamik inkişaf edib, 8 xidmət, 3-ü isə emal olmaqla, 11 istehsal obyekti istifadəyə verilib.
Göygöl Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə mübirinə bildirilib ki, 2019-cu ildə iqtisadiyyatın əsas sahələrində istehsal edilmiş məhsul və xidmətlərin ümumi həcmi 208 milyon 348,8 min manat olub.
Bunun 149 milyon 733,4 min manatı (71,8 faiz) istehsal sahələrini, 58 milyon 615,4 min manatı (28,2 faiz) xidmət sahələrini əhatə edir. Adambaşına 3224,9 manat dəyərində məhsul istehsal edilib.
Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 596 vahidə çatıb. Hesabat dövründə aqrar sahənin inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 24 sahibkara 1 milyon 532 min manat məbləğində güzəştli kredit verilməklə 79 yeni iş yeri yaradılıb. Ümumilikdə, ötən il rayonda 1556 yeni iş yeri açılıb ki, bunun da 881-i daimidir.