CƏMİYYƏT
Göygöldə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda seminar-müşavirə keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 10-11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Göygöl şəhərində “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda seminar-müşavirə keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə RİH başçısının birinci müavini Turani Əliyev rayondakı dini durum barədə məlumat verib. O vurğulayıb ki, bu gün Azərbaycan dünyada, o cümlədən İslam aləmində vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir.
Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, dövlət-din münasibətləri hər zaman prioritet istiqamət kimi Prezident İlham Əliyevin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu sahəyə xüsusi qayğı göstərilir. Ölkəmizdə yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanclı insanların istifadəsinə verilməsi, dövlət-din münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsi, dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması və s. işlər bu sahəyə olan diqqətin bariz nümunəsidir.
Səyyad Salahlı onu da vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı konfranslar, humanitar forumlar, beynəlxalq tədbirlər təşkil olunur. O, ölkəmizdə ictimai-siyasi və dini durumun sabit olduğunu da diqqətə çatdırıb.
Daha sonra rayon təhsil şöbəsinin müdiri Elbrus Atayev və digər tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bildiriblər.