REGİONLAR
Göygöldə aztəminatlı ailələr üçün meyvə bağları salınıb VİDEO
Göygöl, 28 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Noyabrın 28-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü ilə Göygöl rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Göygöl rayonunun Dozular kəndi ərazisində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Arif Seyidov IDEA İctimai Birliyinin son illər regionlarda həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib, yeni salınmış qoz bağlarının sənədlərini üç aztəminatlı ailənin başçısına təqdim edib.
Bildirilib ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə salınan qoz bağları ekoloji tarazlığın qorunmasında mühüm əhəmiyyət kəsb edəcək. Qeyd olunub ki, bu layihə həm də iqtisadi mahiyyət daşıyır. Bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azalmasına da töhfə verəcək.
Qoz bağlarının salınması üçün Göygöl rayonunun Dozular kəndi ərazisində 2 hektar sahə ayrılıb.
Aksiya zamanı 200 nəfər yerli fəal gəncin iştirakı ilə ərazidə 312 ədəd qoz tingi əkilib.
Yeni salınan qoz bağları aztəminatlı ailələrin başçıları Çaylı kənd sakini Eşqin İsmayılov, Pənahlılar kənd sakini Tacəddin İmanov və Dozular kənd sakini Lətifə Zeynalova arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib.
Aztəminatlı ailələr qoz bağına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağları İsmayıllı, daha sonra Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba və Qəbələ rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin istifadəsinə verilib.
Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, 17 min 560-a yaxın meyvə ağacı əkilib və 53 aztəminatlı ailəyə təqdim edilib.