REGİONLAR
Göygöldə cüdo üzrə beynəlxalq təlim-məşq toplantısı keçirilir
Göygöl, 30 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplantısı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 25-də başlayan və sentyabrın 3-dək davam edəcək təlim-məşq toplantısında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət milli yığma üzvləri ilə yanaşı, Belçika, İsrail, Niderland, Polşa, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları da iştirak edirlər.
Gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov deyib ki, bu cür təlimlər sayəsində idmançılar mötəbər yarışlara daha yaxşı hazırlaşa bilirlər. O bildirib ki, qarşıdan gələn Avropa çempionatında cüdo üzrə yığmamız Praqa şəhərində 9 nəfərlik heyətlə təmsil olunacaq.
120-dən artıq idmançının qatıldığı təlim-məşq toplantısında Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları yer alırlar.
“Göygöldə keçirilən təlim-məşq toplanışına Özbəkistan, İsrail, Niderland, Polşa və digər ölkələrdən idmançılar qatılıblar. Burada dünya çempionatına hazırlaşmaq üçün çox yaxşı şərait var. İdmançılar intensiv məşq edirlər və çox yorulurlar, ancaq zədələnmələrdən sığortalanmaq üçün bu proseslərdən keçməliyik. Ümumi olaraq, hazırlıq prosesindən çox razıyam və gözləntilərimiz yüksəkdir,”- deyə cüdo üzrə millimizin baş məşqçisi Riçard Trautman deyib.
Qeyd edək ki, gənc oğlanlardan ibarət milli yığmamız sentyabrın 15-18-də Praqada gənclər arasında Avropa çempionatında, Azərbaycanın kişilərdən ibarət milli yığması isə oktyabrın 6-12-də Daşkənddə dünya çempionatında iştirak edəcək.