ELM VƏ TƏHSİL
Göygöldə diaqnostik qiymətləndirmədə yeddi mindən çox müəllim iştirak edəcək
Bakı, 29 noyabr, AZƏRTAC
Dekabrın 2-dən 4-dək Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qiymətləndirmədə həmin rayonların ümumi təhsil müəssisələrində çalışan 7 min 500-dək müəllim iştirak edəcək. Ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlər də Göygöldə keçiriləcək imtahanlara cəlb ediləcəklər.
Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri bu imtahanlarda iştirak edəcəklər.
Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda, müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkarlandıqda yerli təhsili idarəetmə orqanlarına müraciət etmək lazımdır.