CƏMİYYƏT
Göygöldə iaşə müəssisələrində keçirilən reyd nəticəsində bir neçə nəfər məsuliyyətə cəlb edilib
Bakı, 10 iyul, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb. Rayon polis şöbəsinin əməkdaşları dərhal qanuna müvafiq tədbirlər görüb. Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi mənfi hallar aşkarlanıb. Belə ki, xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisindəki kafe və restoranların müştərilərə yerində xidmət göstərməsinin qadağan olunmasına baxmayaraq, rayonun Yalqışlaq kəndində yerləşən iaşə müəssisələrinin fəaliyyət göstərməsi aşkarlanıb. Polis əməkdaşları dərhal həmin obyektlərin fəaliyyətini dayandırıblar. Obyektin sahibləri və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.