CƏMİYYƏT


Gözdə iltihab yaradan səbəblər

Bakı, 28 yanvar, AZƏRTAC

Gözün iltihabi xəstəliklərinin əsas əlaməti həmin orqanda yad cisim hissiyyatıdır. Heç bir qızartı, iltihab, çirklənmə olmadan da xəstə ilkin halda gözünə qum səpilməsi, gözün içinə nəsə düşməsi kimi hisslər yaşayır. Narahatlıqlar batma və yanma şikayətləri ilə başlayır.

AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq Aygün Rəhimzadənin dediyinə görə, ikinci mərhələdə artıq gözdə ifrazat əmələ gəlir: “Azacıq da olsa sarı yapışqan şəkildə kirpik diblərində ifrazat və gözlərdə qızartı yaranır. Bəzən qaşınma müşahidə edilir və göz ətrafında şişmanlıq əmələ gəlir. İltihab nəticəsində göz qapaqlarında şişkinlik yarandığı üçün sanki göz kiçilmiş kimi görünməyə başlayır”.

Adətən xəstələr həkimə həmin mərhələdə üz tuturlar. Həkim-oftalmoloq bildirib ki, belə halların baş verməməsi üçün əlləri təmiz saxlamaq, onları gözə toxundurmamaq və azacıq hər hansı qızartı və ya sulanma şikayəti olduqda həkimə müraciət etmək lazımdır. Xüsusən bu, kontakt linzadan istifadə edənlərdə, gözündə lazer və digər prosedurlar aparılanlara şamil olunur. İldə bir dəfə kontrol müayinələrdən keçmək də tövsiyə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.