ELM VƏ TƏHSİL
Gözdən əlil şəxslərin ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verilir
Bakı, 11 fevral, AZƏRTAC
Ölkəmizdə aparılan islahatlar çərçivəsində müvafiq qanunlara dəyişikliklər edilməsi barədə 8 qanun qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti əqli mülkiyyət sahəsi ilə bağlı 16 fərman və 7 sərəncam imzalayıb, Nazirlər Kabinetinin Əqli Mülkiyyət Agentliyinin fəaliyyət sahəsinə aid 14 qərarı qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfransda səsləndirilib. Qeyd olunub ki, Azərbaycan Respublikası ÜƏMT-nin "Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə müvafiq bəyanatlarla qoşulub. Müqavilə Azərbaycan Respublikasına münasibətdə 2018-ci il dekabrın 24-dən qüvvəyə minib. Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin əlçatımlı formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır.