CƏMİYYƏT
Gözdən əlil uşaqlar üçün yeni layihə keçirilir
Bakı, 17 iyun, AZƏRTAC
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi istiqamətində layihənin icrasına başlayıb.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. İctimai birliyin rəhbəri İradə Rizazadə bildirib ki, layihənin məqsədi görmə imkanları məhdud olanların cəmiyyətə inteqrasiyası və dünyagörüşlərinin artırılmasına nail olmaqdır. Gözdən əlillərdən ibarət teatr kollektivi yaradılması yolu ilə uşaqların incəsənətə inteqrasiya olunması, Avropada geniş yayılmış tifloşərh sahəsinin ölkəmizdə geniş tətbiqi də layihənin məqsədləri sırasına daxildir.
AZƏRTAC xəbər verir ki, layihənin inkişaf konsepsiyasına görə əlilliyi olanların informasiya və kommunikasiya texnologiyalarından faydalanması və kommunikasiya sistemləri vasitəsilə informasiya əldə etməsi imkanları artırılacaqdır.
Keçiriləcək tədbirlərin arasında animasiya və qısametrajlı filmlərin çəkilişi, incəsənət eksponatlardan ibarət muzeyin yaradılması, teatr tamaşasının səhnələşdirilməsi, uşaqlar arasında üzgüçülük üzrə idman yarışlarının keçirilməsi, tifloşərhlə hazırlanmış məhsulların təqdimatı, görmə imkanları məhdud olan uşaqlardan ibarət teatrın yaradılması, Azərbaycanda tifloşərh sahəsinin inkişaf etdirilməsi məqsədi ilə dövlət qanunvericiliyində əksini tapması üçün təkliflər paketini hazırlanması nəzərdə tutulub.