REGİONLAR
Gözəl təbiət mənzərələri və qədim abidələr Xocavənddə turizmin inkişafına təkan verəcək FOTO VİDEO
Xocavənd, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyev Qarabağın turizm potensialından danışarkən deyib: “Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.
Bəli, işğaldan azad olunmuş Qarabağ böyük turizm potensialına malikdir. Düşmən bu yerləri darmadağın etsə də, tarixi izlərimizi silə bilməyib. 44 günlük Vətən müharibəsində azad olunmuş bu torpaqlar Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda yenidən qurulacaq, o cümlədən yeni turizm marşrutları yaranacaq.
Qarabağın turizm potensialı ilə seçilən guşələrindən biri Xocavənd rayonudur. Saf dağ iqlimi, gözəl təbiət mənzərələri, qədim abidələr burada turizmin inkişafını şərtləndirir.
Xocavənd ziyalısı Şaiq Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun relyefi əsasən dağlıqdır. Rayon ərazisi Qafqaz dağ silsiləsinə aid edilən Kirs, Ziyarət, Ərgünəş, Güllücə, Tuğ və Qaraçuğ dağları ilə əhatələnir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Rayon ərazisindən axan Köndələnçay, Xonaşençay, Qozluçay, Quruçay kimi çaylar Kür-Araz hövzələrinə aiddir. Bitki örtüyündə kolluq və seyrək meşəli çəmənlər üstünlük təşkil edir. Enliyarpaq ağaclardan ibarət meşələrin ümumi sahəsi 26 min hektardır.
Xocavənd rayonunun ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, məbədlərə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir. Xocavənd ərazisindəki dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri var. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Ktiş qalası, Ərgünəş qalası, müxtəlif tarixi dövrlərə aid yaşayış məskənlərinin, müdafiə qurğularının, qəbir abidələrinin daxil olduğu Nərgiztəpə arxeoloji kompleksi, Düdükçü kəndi ətrafında Rzaqulu Bəy türbəsi (XIII əsrə), Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar, Tuğ, Hünərli və digər kəndlərdə Qafqaz Albaniyasına aid məbədlər və onlarla digər abidələr də turizm baxımdan əhəmiyyətlidir.
“Xocavənd ərazisinin əlverişli coğrafi mövqeyi, dağlıq relyefi, füsunkar təbiət mənzərələri, çəmənləri, enliyarpaqlı meşələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Xocavənd rayonu nəinki yay turizminin, eləcə də qış turizminin də inkişafı üçün böyük potensiala malikdir. Rayonda infrastrukturun yaradılması, otel və digər turizm mərkəzlərinin qurulması yerli turistlərlə yanaşı xarici ölkələrdən, xüsusən də qonşu ölkələrdən turistlərin buraya cəlb edilməsinə şərait yaradacaq", - deyə Şaiq Aslanov bildirib.