CƏMİYYƏT
Gözəllik salonlarından və qadınların çox olduğu məkanlardan oğurluq edən şəxs tutulub VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Səbail rayonundakı gözəllik salonlarının birində qadın müştərinin çantasından 9 min manat pul naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən bu barədə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb. O, ifadəsində oğurluq etdiyini boynuna alıb.
Saxlanılan şəxsin ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonlarından və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub.
G.Novruzova əsasən qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq orada digər şəxslərin şəxsi əşyalarını və pullarını qanunsuz ələ keçirib.
Faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” xidmətinə və ya Səbail Rayon Polis İdarəsinə, eləcə də 39-cu polis bölməsinə müraciət edə bilər.