MƏDƏNİYYƏT


“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır

Berlin, 19 iyul, AZƏRTAC

“Grand Tourisme” qəzetində Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinə dair məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə paytaxt Bakıdan 5 saatlıq məsafədə yerləşən Şəki şəhərinin tarixi mərkəzinin UNESKO-nun Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində adıçəkilən təşkilatın Dünya İrs Siyahısına daxil edildiyi nəzərə çatdırılır.

Şəhərin tarixi hissəsində yerləşən və 24 oktyabr 2001-ci ildə UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilən Xan Sarayının şəhərin tarixi mərkəzi ilə birlikdə UNESKO-nun Dünya İrs Siyahısına salındığı qeyd olunur. Məqalədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin bu əlamətdar hadisə ilə əlaqədar olaraq məmnunluğunu ifadə edərək bunun Azərbaycanın özünəməxsus tarixi, mədəniyyəti və zəngin irsinin dünyada tanıdılmasına töhfə verdiyini, Şəkinin öz küçələri və arxitekturası ilə müasir Bakı şəhəri ilə kontrast təşkil etdiyini, Xan Sarayının Azərbaycanın ən qiymətli tarixi tikililərindən biri olduğunu və buradakı sənətkarların əl işlərinin bütün dünyadan gələn turistləri heyran qoyduğunu bildirdiyi vurğulanır. Qafqaz dağlarının ətəyində yerləşən, Qurcanaçay ilə iki yerə bölünən şəhərdə Xan Sarayı və Şəki xanının yay iqamətgahının yerləşdiyi diqqətə çatdırılır. Xanlıqlar dövrünün möhtəşəm arxitektor abidəsi hesab edilən Xan Sarayının 1762-ci ildə Şəki xanı Hüseyn Xan tərəfindən inşa etdirildiyi bildirilir. Şəhərin böyük ipək yolunun üzərindəki ticarət yolları şəbəkəsində xüsusi əhəmiyyət daşıyan yer olduğu, Azərbaycanın Şimal Qərb hissəsində yerləşən şəhərin XIX əsrdə ipək istehsalı üzrə beynəlxalq mərkəz rolunu oynadığı vurğulanır. Azərbaycan sənətkarlarının məşhur olduğu şəbəkə sənəti nümunələrinə bütün şəhərdə rast gəlindiyi və xüsusilə Xan Sarayında diqqəti cəlb etdiyi, Sarayın 5000 ağac və şüşə parçadan ibarət olduğu, rəngli şüşələrdən bəzədilmiş və ağacla haşiyələnmiş mozaikaların mismar və yapışdırıcı olmadan hazırlandığı nəzərə çatdırılır. Məqalənin sonunda UNESKO-nun bəşəriyyət üçün əvəzolunmaz əhəmiyyətə malik olan mədəni və təbiət abidələrinin müəyyən olunmasına, mühafizəsinə və qorunub saxlanılmasına çalışdığı, 2000-ci ildə Bakının İçəri Şəhəri və buradakı Şirvanşahlar Sarayının, 2007-ci ildə isə Azərbaycanın Qobustan Milli Tarix-Bədii Qoruğundakı qayaüstü rəsmlərin UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyi qeyd olunur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.