İQTİSADİYYAT
Gücləndirilmiş elektron imza tələb edən daha iki yeni xidmət “Elektron hökumət” portalına inteqrasiya olunub
Bakı, 4 aprel, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına gücləndirilmiş elektron imza tələb edən daha iki elektron xidmət inteqrasiya olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq təqdim edilən yeni xidmətlər “Sığortaolunanın ölümünə dair məlumatın onlayn qəbulu” və “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” adlanır.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, istifadəçilərin ixtiyarına verilən bu xidmətlər ƏƏSMN-in “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli Qərarında əks olunan tapşırıqların təmin olunması məqsədi daşıyır. Hər iki xidmətdən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə edilməlidir.
ƏƏSMN-in fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə artıq 28 elektron xidmət əhalinin istifadəsinə verilib. Həmin elektron xidmətlərdən istifadəyə maraq getdikcə artır. Bu maraq nəticəsində cari ilin ilk rübündə nazirliyin elektron xidmətlərinə müraciətin sayı 2 milyon 623 min 88 olub.
Qeyd edək ki, yeni xidmətlərin inteqrasiyasından sonra “Elektron hökumət” portalında elektron xidmətlərin sayı 433-ə çatdırılıb.
Ətraflı məlumatı https://www.e-gov.az/az/news/read/521 linkindən əldə etmək olar.