REGİONLAR
Güclü qasırğa Zaqatala və Balakəndə ciddi fəsadlar törədib VİDEO
Zaqatala, 23 iyul, Mustafa Dadaşov, AZƏRTAC
İyulun 22-də axşam saatlarında Zaqatala və Balakən rayonlarının ərazisində leysan yağışı ilə müşayiət olunan qasırğa nəticəsində bir sıra sosial obyektlərə, fərdi evlərin, çoxmənzilli yaşayış binalarının dam örtüyünə, elektrik, rabitə, təbii qaz və su təsərrüfatına ciddi ziyan dəyib.
Zaqatala rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildiriblər ki, təbii fəlakət nəticəsində şəhərdə 11 çoxmənzilli yaşayış binasının, Mədəniyyət Mərkəzinin, 39 fərdi evin 4 min 470 kvadratmetr ölçüdə metal və şifer dam örtüyü yararsız vəziyyətə düşüb. Rayon ərazisində 30-a yaxın irigövdəli ağacın aşması nəticəsində şəhər təsərrüfatına, yaşayış binalarına və abadlıq qurğularına ciddi ziyan dəyib. Vətəndaşlara məxsus 8 minik avtomobili zədələnib. Güclü qasırğa rayon elektrik şəbəkəsinə məxsus 4 elektrik dayağını, 200 metr SİP kabel xəttini, 600 metr AS-50 məftili, həmçinin rabitə təsərrüfatına məxsus 25 dayağı, 900 metr naqili və 300 metr TPP kabeli sıradan çıxarıb.
Hadisədən dərhal sonra rayon fövqəladə hallar komissiyası tərəfindən yerlərə baxış keçirilib və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb. İlk növbədə yollar təmizlənib, elektrik enerjisinin verilişi bərpa olunub.
Təbii fəlakətin fəsadlarının tam aradan qaldırılması üçün ehtiyac duyulan materialların ayrılmasına kömək göstərilməsi məqsədilə müvafiq dövlət qurumlarına müraciət edilib.
Balakən rayon fövqəladə hallar komissiyasından isə bildiriblər ki, qasırğa nəticəsində rayon mərkəzi də daxil olmaqla, 17 kənd və Qabaqçöl qəsəbəsinin elektrik enerjisinin verilişində, həmçinin qaz və su təchizatında problemlər yaranıb, içməli su mənbəyi zədələnib. Rayon Mərkəzi Xəstəxanasının dam örtüyünün 3/1 hissəsi dağılıb, pəncərələri qırılıb, cərrahiyyə və digər şöbələrdə avadanlıqları su basıb. Sarıbulaq və Bedağar kənd tam orta, həmçinin şəhərdəki internat və digər məktəblərin binalarına, Tülü kəndindəki uşaq bağçasına ciddi ziyan dəyib.
Hazırda rayon fövqəladə hallar komissiyası müvafiq qurumlarla birgə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görür. Təbii fəlakətin vurduğu zərər dəqiqləşdirilir.