REGİONLAR
Güclü selin fəsadları: Quba-Xınalıq yolu bağlanıb, Xaçmaz və Qubada evlərin içinə su dolub [YENİLƏNİB] VİDEO
Quba, 2 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan sel Quba və Xaçmaz rayonlarında ciddi fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, Qaraçayın məcrasından çıxması nəticəsində Xaçmaz rayonunun Qarğalıq və Qarabağlı kəndlərində evləri və təsərrüfat sahələrini basıb. İlkin məlumata görə, Qarğalıq kəndində 15-ə yaxın ev suyun altında qalıb. Yerli sakinlərdən xəsarət alan olmasa da, bəzi təsərrüfatlarda mal-qara və ev quşları tələf olub.
Qudyalçayda yaranan sel suları isə Xaçmaz rayonunun Niyazabad kəndində bir evi basıb. Həmin evdə köməksiz vəziyyətdə qalan 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsiz əraziyə çıxarıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri sel gələn kəndlərdə olub. Hazırda fəsadların aradan qaldırılması və dəymiş ziyanının araşdırılması istiqamətində tədbirlər görülür.
Quba rayonunda isə seldən Qonaqkənd, Cimi, Utuq, Xaltan kəndləri daha çox ziyan çəkib. Bu kəndlərdə sel suları bəzi evlərə dolub, işıq dirəklərini aşırıb. Bu səbəbdən yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində çətinlik yaranıb.
Sel rayonun Utuq kəndində çayı keçmək istəyən “Niva” markalı avtomobili aparıb. Sürücü və sərnişinlər maşını vaxtında tərk edə biliblər.
Qudyalçayda suyun səviyyəsinin həddindən artıq çox, axınının isə sürətli olması Quba-Xınalıq yolunun 29-cu kilometrliyindəki körpünü də qəzalı vəziyyətə salıb, yolda avtomobillərin hərəkəti dayandırılıb.
“Azəravtoyol” ASC-nin idarə rəisi Aydəmir Manafov AZƏRTAC-a bildirib ki, zədələnən körpünün 3-4 günə bərpa olunması nəzərdə tutulub. Çayda suyun səviyyəsi aşağı düşən kimi bərpa işlərinə başlanılacaq. Xınalıq istiqamətində gedən sürücülər alternativ olaraq Alpan-Susay-Xınalıq yolundan istifadə edə bilərlər. Amma bu yolla yalnız ikioxlu, dağlıq ərazi üçün uyğun avtomobillərin hərəkəti mümkündür.
Quba rayon fövqəladə hallar komissiyasının sədri Yusif Abidov AZƏRTAC-a bildirib ki, komissiyanın üzvləri seldən zərər çəkən ərazilərə baxış keçirib. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.