REGİONLAR
Güclü yağış Lənkəranın bir sıra yaşayış məntəqələrinə ciddi ziyan vurub YENİLƏNİB VİDEO
Lənkəran, 30 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 29-da axşam saatlarından başlayaraq Lənkəran rayonu ərazisində fasiləsiz yağan leysan yağışları nəticəsində Lənkərançayda və rayonun ərazisindən keçən digər çaylarda, kanallarda və arxlarda yaranan güclü sel suları yaşayış məntəqələrinə ciddi ziyan vurub.
Lənkəran Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, çayların daşması nəticəsində Yuxarı Nüvədi, Sütəmurdov, Şürük, Girdəni, Vilvan kəndlərində və İstisu qəsəbəsində bir sıra evlər su altında qalıb, yüzlərlə sakin təhlükəsiz yerə köçürülüb.
Güclü sel suları rayonun yol infrastrukturuna da ziyan vurub. Belə ki, İstisu qəsəbəsinin mərkəzində Lənkəran-İstisu-Havzava yaşayış məskənlərini birləşdirən yeganə magistral avtomobil yolu üzərindəki və Havzava kəndindəki dəmir-beton konstruksiyalı körpülər uçub, Vilvançayın üzərindəki dəmir-beton konstruksiyalı avtomobil körpüsünün bir hissəsi yararsız vəziyyətə düşüb. Veravul çayında yaranan sel Lənkəran-Masallı magistral avtomobil yolu üzərindəki körpünü də yararsız hala salıb. Tuədo kəndində dağlardan gələn sel suları avtomobil yolunun, Jidi-Gəgiran kəndləri arasında torpaq sürüşməsi isə kəndarası yolun bağlanmasına səbəb olub. Girdəni kəndi ilə İstisu qəsəbəsini birləşdirən yeganə magistral avtomobil yolunun bəzi yerləri yarğanların uçması nəticəsində təhlükəli vəziyyətə düşüb. Güclü sel nəticəsində Havzava kəndindəki Havzava gölünün qoruyucu bəndinin aşmaq təhlükəsi var. Sel, həmçinin Siyobili kəndində avtomobil körpüsünü də dağıdıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və rayon fövqəladə hallar komissiyasının üzvləri sel sularının yaşayış məntəqələrində yaratdığı problemlərin aradan qaldırılması istiqamətində tədbirləri davam etdirirlər.