DÜNYA
Güclü yağışlar Tbilisidə bir sıra fəsadlar törədib
Tbilisi, 19 iyun, AZƏRTAC
İyunun 18-də axşam saatlarından başlayan güclü yağışlar Tbilisidə bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, leysan və güclü küləyin yaratdığı problemlərlə əlaqədar Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Agentliyinə paytaxt sakinlərindən 100-ə yaxın müraciət daxil olub.
Aramsız yağışlar nəticəsində Tbilisidə bir neçə yaşayış binasının birinci mərtəbələrini və yeraltı avtomobil dayanacaqlarını su basıb. Bəzi yerlərdə torpaq sürüşməsi qeydə alınıb. Uçqun təhlükəsi yaranıb.
Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Agentliyinin və kommunal xidmətlərin əməkdaşları problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirirlər. Ən çox ziyan paytaxtın Vake, Saburtalo, Qldani, Nadzaladevi, İsani və Samqori rayonlarına dəyib.
Bundan başqa, Tbilisidən keçən Vera, Diqmis tskali, Qldani dərəsi, Leqvtaxan, Krtsanisi dərəsi, Orxevi, Varazis xevi və Xevdzarmis çaylarında monitorinqlər aparılır. Çaylarda suyun səviyyəsi artsa da mütəxəssislər bunda bir narahatlıq görmürlər. Bununla belə təhlükəsizlik tədbirləri davam etdirilir.
Gürcüstanda güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraitinin iyunun 21-nə qədər davam edəcəyi gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi