ELM VƏ TƏHSİL


“Gül dəftəri”nin beynəlxalq reyestrə daxil edilməsi mədəni irsimizin bərpası istiqamətində görülən işlərə töhfədir

Bakı, 22 may, AZƏRTAC

Ölkəmizin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılması və digər dövlətlər tərəfindən özününküləşdirilmə cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrində sənədli irsimizə dair nominasiyaların təqdimatı böyük əhəmiyyət kəsb edir. Məhz bundan irəli gələrək ölkəmiz tərəfindən bu istiqamətdə aparılan fəaliyyətin mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Milli Komitə yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Emil Əhmədov Əlyazmalar İnstitutunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, bu günə qədər 2 sənədli irsimiz – “Tibb və Əczaçılığa dair orta əsr əlyazmaları” (2005-ci il) və “Məhəmməd Füzulinin “Divanı”ının əlyazmasının surəti” (2017-ci il) Dünya Yaddaşı Reyestrinə daxil edilib.

“Qarabağ xanlığının son varisi hesab edilən Xan qızı Natəvanın 1886-cı ildə hazırladığı və müxtəlif qəzəllərlə yanaşı sulu boya və karandaşla çəkilmiş müxtəlif güllərin əks olunduğu “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun Dünya Yaddaşı Reyestrinə daxil edilməsi Qarabağda, xüsusilə də Şuşada ədəbi-mədəni irsimizin təsdiqinin UNESCO səviyyəsində tanınmasının daha bir göstəricisidir. Bu gün azad Şuşanın yenidən dirçəlməsi, tarixi-mədəni irsimizin bərpası və qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm bərpa-quruculuq işləri görülür. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri tək ölkəmiz üçün deyil, həm də Türk dünyası üçün tarixi-mədəni əhəmiyyətə və müstəsna mənəvi dəyərə malik bir şəhərdir. Şuşada yaşayıb-yaratmış Xurşidbanu Natəvanın əsərinin beynəlxalq səviyyədə reyestrə daxil edilməsinin Qarabağımızda, Şuşada mədəni irsimizin bərpası istiqamətində görülən işlərə az da olsa öz töhfəsini verəcəyini ümid edirik.

İnanıram ki, ölkəmizin elm, mədəniyyət və digər müvafiq sahələrində çalışan mütəxəssislərinin davamlı va yorulmaz fəaliyyəti nəticəsində UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilən sənədli irsimizin sayı daha da artacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.