REGİONLAR
Gülarə Əliyeva: Ekskursiya zamanı istirahətimizin mənalı təşkili, əylənməyimiz və maariflənməyimiz üçün lazımi şərait yaradılır
Qəbələ, 24 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycanın gözəl təbiətə, qədim tarixə və zəngin ehtiyatlara malik olması barədə məlumatım var idi. Bu barədə müəllimlərimizdən də ətraflı məlumat almışdıq. Həmişə istəyirdim ki, ölkəmizin bölgələrinə səfər edərək rayonlarımız barədə oxuduqlarımı və eşitdiklərimi gözlərimlə görüm. “Ölkəmizi tanıyaq” layihəsi bu baxımdan mənim üçün əla fürsət oldu. Qəbələ, Şəki və Zaqatalanı yaxından tanımaq imkanı qazandım.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı Göyçay şəhər 1 saylı orta məktəbin 10-cu sinif şagirdi Gülarə Əliyeva deyib.
Qəbələ ilə tanışlığın onda zəngin təəssürat yaratdığını bildirən Göyçay məktəblisi qeyd edib ki, Azərbaycanda yeniyetmə və gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün dövlətimiz hər cür imkanlar yaradır. Mən bu tur-aksiyanın əhəmiyyətini olduqca yüksək qiymətləndirirəm. Rayonlara səfərlər zamanı bizə istirahətimizin mənalı təşkili, əylənməyimiz və maariflənməyimiz üçün lazımi şərait yaradılır.
“Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, “Beltman” piano fabrikinə, eləcə də rayonun digər tarixi yerlərinə səfəri səbirsizliklə gözləyirdim. Bu, təkcə mənim deyil, həm də tur-aksiyada iştirak edən hər bir məktəblinin arzusu idi. Nəhayət ki, bu istəyim gerçəkləşdi. Qəbələdə kanatla dağ gəzintisi bizə unudulmaz anlar yaşatdı. Dağların zirvəsindən Qəbələ şəhərini, çayları, meşələri, gözəl mənzərəni seyr etdim, dostlarımla xatirə şəkili çəkdirdim”, - deyə G.Əliyeva vurğulayıb.