ELM VƏ TƏHSİL
Gülarə Əmirova: Dublyaj filmlərinin monitorinqi zamanı 400-ə yaxın dil faktı qeydə alınıb
Bakı, 12 may, AZƏRTAC
Milli telekanallarımızda nümayiş etdirilən dublyaj filmlərinin monitorinqinə dövlət, özəl və region telekanalları cəlb olunub. Aşkarlanan 400 dil faktından 300-ü hesabata daxil edilib və ən çox üslubi səhvlərə yol verilib.
AZƏRTAC verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova söyləyib. O bildirib ki, “Dublyajlar və Azərbaycan dili” mövzusunda tədbirin keçirilməsində əsas məqsəd dublyaj filmlərində ədəbi dil normalarının pozulmasının müəyyən edilməsi, onların aradan qaldırılması üçün müvafiq təklif və tövsiyələrin ictimaiyyətə çatdırılmasıdır. Milli telekanallarımızın qarşısında duran əsas vəzifələrdən biri də dublyaj sahəsində işin yüksək keyfiyyətdə təşkil edilməsidir. Dublyaj edilən filmlərin tamaşaçılara ana dilində qüsursuz şəkildə çatdırılması bu sahədə çalışanların əsas vəzifəsidir. Belə ki, dublyaj filmləri dərindən öyrənilməli, ən xırda məziyyətləri nəzərə alındıqdan sonra dublyaj olunmalıdır. Dublyajda tərcümə və səsləndirmə əsas amillərdir.