ELM VƏ TƏHSİL
Gülarə Əmirova: Mahnılarımızda yad ritmlərin müşahidə olunması adi hala çevrilib
Bakı, 6 aprel, AZƏRTAC
Mahnılarımızda hind, ərəb, yəhudi və digər yad ritmlərin müşahidə olunması artıq adi hala çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova mahnılarımızın monitorinqinə dair hesabat tədbirində “Mahnıların məzmun, musiqi və təqdimata görə müxtəlif qruplar üzrə təsnifi” adlı məruzəsində deyib.
Onun sözlərinə görə, xarici boğaz və yad çalarlardan istifadə, ifaçılıq sənətinin bəlli qayda-qanunlarından kənara çıxan improvizələri, sözlərin heca-heca tələffüzü milli musiqimizin inkişafına böyük maneədir: “Təəssüf ki, mahnı janrı ilə bağlı ənənələrimizə ciddi xələl gətirən bu elementlər bir müddət sonra milli təsir bağışlayacaq. Son dövrlər mahnı yaradıcılığında ciddi böhran müşahidə olunur. Heç bir məna yükü olmayan, bədiilikdən uzaq mətnlər, ifa üçün yetərli olmayan səs tembrləri və texnikalar, sözsüz ki, xalqımızın milli mədəniyyətinə xidmət etmir. Milli dəyərlərimizə zidd davranışları, narkomaniyanı və zərərli vərdişləri, tüfeyli həyat tərzini aşılayan, hətta sui-qəsdə təşviq edən mahnıların təbliği sağlam gəncliyimizin formalaşması üçün böyük təhlükədir. Beləliklə, mahnı ifaçılarının nitqi üzərində aparılan monitorinqdə başlıca məqsəd Azərbaycan musiqisinin real mənzərəsini göstərməklə sözügedən problemlərin ardıcıl həllinə nail olmaqdır”.