REGİONLAR
Güləndam Alxasova: Təkəlduz ustası daim rənglərin və naxışların ahəngdarlığını düşünməlidir VİDEO
Şəki, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri də təkəlduzdur. Sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki həm də təkəlduz sənətinin vətəni sayılır. Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Qədim diyarda yaxşı tanınan təkəlduz ustalarından biri də Güləndam Alxasovadır.
AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki “Sənətkarlar evi”ndə Güləndam xanımın emalatxanasında olub, sənətkarla söhbət edib. Bura, eyni zamanda, sənətkarın əl işlərinin sərgiləndiyi, satışının həyata keçirildiyi bir məkandır.
Güləndam Alxasova 1955-ci ildə Şəki şəhərində anadan olub. On altı yaşından dekorativ tətbiqi sənət sahəsinə maraq göstərən gənc sənətkar əvvəlcə kukla sənəti, həmçinin bədii tikmənin xovlu və qobelen tikmə, muncuqlarla iş növləri ilə maraqlanıb. Bir müddət sonra o, Şəkinin məşhur təkəlduz ustası Möhtərəm xanımdan bu sənətin sirlərini öyrənməyə başlayıb. Güləndam xanım artıq 45 ildir ki, təkəlduz sənəti ilə məşğuldur.
Xanım sənətkarın dediyinə görə, təkəlduz sənəti çox incəlik tələb edən, xeyli vaxt aparan sənət növüdür. Usta daim mövzunun rəngarəngliyini, rənglərin və naxışların ahəngdarlığını düşünməlidir. Təkəlduz tikmənin naxışları gözəl rəng və kompozisiya ahəngdarlığı ilə fərqlənməlidir. Bu sənət növündə ipək saplar əsasən tünd rəngli parçalar üzərində işlənir ki, bu da təkəlduz tikmələrini digərlərindən fərqləndirən başlıca xüsusiyyətdir. Təkəlduz tikmələr üçün nəbatat və heyvanat aləmindən motiv və elementlər səciyyəvidir.
2004-cü ildən Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü olan Güləndam Alxasovanın böyük məharətlə yaratdığı tikmə nümunələri dəfələrlə xarici ölkələrdə, eləcə də respublika daxilində təşkil edilən dekorativ-tətbiqi sənət festivallarında, sərgilərdə nümayiş etdirilib, müvəffəqiyyət qazanıb. Güləndam xanım üçün 1996-cı ildə Bakıda keçirilən sərgidə iştirakı xüsusilə əlamətdar olub. Həmin sərginin onun yaradıcılığına çox böyük təsir göstərdiyini vurğulayan xanım sənətkar deyib: “Sərgidə ümummilli lider Heydər Əliyevin iştirakı məni çox sevindirdi. Ulu Öndər mənim də əl işlərimə baxdı və əsərlərimə yüksək qiymət verdi. Sərgidə birinci yeri tutdum və pul mükafatına layiq görüldüm. 2002-ci ildə Şəkidə Olimpiya İdman Kompleksinin açılışı zamanı dahi şəxsiyyətlə görüşmək yenidən mənə qismət oldu. Mən buna görə çox xoşbəxtəm”.
Güləndam Alxasova, eyni zamanda, Şəkinin ictimai həyatında da yaxından iştirak edir. O, uzun müddətdir ki, Şəkidə fəaliyyət göstərən “Əlillərə qayğı” İctimai Birliyinin nəzdindəki Əlil Uşaqların Reabilitasiyası Mərkəzinə rəhbərlik edir. İndiyədək sağlamlıq imkanları məhdud 35 yeniyetmə və gəncə bədii tikmə sənətinin sirlərini öyrədib. Onlar hazırda bu işlə məşğul olurlar.
Müsahibimiz deyib ki, Şəkiyə gələn xarici və yerli turistlər daha çox təkəlduz işlərinə maraq göstərirlər. Onlar Güləndam xanımın emalatxanasında təkəlduz işlərinin hazırlanması prosesini əyani şəkildə izləyirlər. Xanım ustanın bildirdiyinə görə, turistlər ən çox milli naxışlarımız, həmçinin Şəki xanları sarayının görüntüsü əks olunan əl işlərini alırlar. Əsərlərin qiyməti 100 manatdan 1000 manat arasında dəyişir.
Gələcək planlarından söhbət açan Güləndam usta bildirib ki, şəbəkənin və Şəki halvasının naxışlarını əldə etmək üçün hazırda xüsusi dəzgahın hazırlanması üzərində işləyir. Bu ideya şəxsən özünə aiddir. Müəlliflik hüququ alandan sonra kiçik istehsal sahələri yaratmaq fikrindədir.
Güləndam Alxasova müsahibəsində Şəki şəhərinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsindən böyük qürur hissi keçirdiyini, bu qərarın Şəkidə xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsinə böyük töhfə olduğunu bildirib.