REGİONLAR
Güləş üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan, 15 avqust, AZƏRTAC
İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-dən çox güləşçi mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları sərbəst güləş idman növünə cəlb etməklə bu idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır.
Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara məlumat verib.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Sinan Rzayev, Hidayət İbrahimov, Namiq Əlizadə, Uğur Cəfərov, Ülvi İsmayılov, Ləzgi Xudadanlı, Altay Hacıyev, Nurlan Musayev, Mətin İmanov və Mirsadiq Seyidov müvafiq olaraq 20, 23, 26, 29, 32, 35, 38, 42, 46 və 53 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək birinci yerə layıq görülüblər.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.