İDMAN
Güləş üzrə qızlardan ibarət Azərbaycan millisi dünya çempionatını üçüncü pillədə başa vurub VİDEO
Bakı, 9 avqust (AZƏRTAC). Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizə aparıblar. Güləşçilərimiz günü bir qızıl və bir bürünc medalla başa vurublar.
Çempionatda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Solmaz Həşimzadə Tunis, Polşa və Türkiyədən olan rəqiblərini üstələyib yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna güləşçisinə məğlub olan təmsilçimiz üçüncü yer uğrunda görüşdə Kanada idmançısına qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.
Səbirə Əliyeva (72 kq) finaladək maneəsiz irəliləyib. Ardıcıl olaraq Xorvatiya, Türkiyə və Qazaxıstan təmsilçilərini məğlub edən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə Rusiya idmançısına qalib gələn Səbirə Əliyeva dünya çempionatının qızıl medalını qazanıb.
Qeyd edək ki, gənc qızların yarışının birinci günündə Raqnetta Qurbanzadə (67 kq) bürünc medal qazanıb. Ümumlikdə 1 qızıl və 2 bürünc medal qazanan qızlarımız Azərbaycanın güləş tarixində yeni səhifə yazıblar. Bu, son illərdə gənc qızlarımızın qazandığı ən yüksək nəticədir. Qadın güləşinin ölkəmizdə yeni yaranmış idman sahəsi olduğunu nəzərə alsaq, o zaman bu nailiyyətin əhəmiyyəti daha da böyükdür. Qızlarımız indiyədək qatıldıqları dünya çempionatlarında ilk qızıl medalı 2010-cu ildə qazanıb. 2013-cü ildə isə bənzər yarışı qızlarımız iki bürünc medalla tamamlayıb.
Bu nəticə ilə yığmamız komanda hesabında Yaponiya və Rusiyadan sonra 3-cü pillədə qərarlaşıb.