İDMAN
Güləşçimiz Əli Rəhimzadə Avropa çempionatında bürünc medal qazanıb
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan güləşçisi Əli Rəhimzadə İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında üçüncü yeri tutub.
AZƏRTAC xəbər verir ki, fevralın 15-də - altıncı yarış günündə sərbəst güləşçilər medallar uğrunda mübarizə aparıblar.
Pəhləvanımız Əli Rəhimzadə (65 kq) startda Olimpiya, dünya və üçqat Avropa çempionu Vladimir Xinceqaşviliylə qarşılaşıb. Ancaq gənc güləşçimiz titullu rəqibi ilə görüşü yüksək səviyyədə keçirərək böyük hesablı (7:0) qələbəyə sevinib. Ə.Rəhimzadənin rumıniyalı güləşçi ilə dueli çətin keçib. Son saniyələrdə aldığı xal güləşçimizi yarımfinala yüksəldib - 3:2. Təmsilçimiz finalın bir addımlığında Belarus güləşçisinə məğlub olub və fevralın 15-də bürünc medal üçün Macarıstan idmançısı İsmayıl Musukayevlə mübarizə aparıb. Gərgin keçən qarşılaşmada əzmkarlıq göstərən idmançımız son saniyələrdə aldığı xalla Avropa çempionatının bürünc medalını qazanıb.
Nurməhəmməd Hacıyev (97 kq) startda Macarıstan pəhləvanını yarışdan kənarlaşdırıb - 7:2. Ancaq dörddəbir finalda Olimpiya, dördqat dünya və üçqat Avropa çempionu Abdulrəşid Sadullayevlə (Rusiya) bacarmayıb. Rəqib finala yüksəldiyi üçün N.Hacıyev təsəlliverici görüşə çıxıb və Makedoniya təmsilçisini 7:4 hesabı ilə üstələyib. O, bürünc medal uğrunda gürcüstanlı Elizbar Odikadzela görüşəcək.
Yarışa dörddəbir finaldan start verən İntiqam Vəlizadə Türkiyə güləşçisinə qalib gələrək, yarımfinala yüksəlib. Finalın bir addımlığında son dünya çempionu Beka Lomtadzeyə məğlub olan idmançımız fevralın 16-da bürünc medal görüşünə çıxacaq.