İDMAN


Güləşçimiz Elnurə Məmmədova U-20 Avropa çempionatının finalına yüksəlib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə millimizin 3 üzvü xalça üzərinə çıxıb.

Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, səkkizdəbir finalda isveçli Neli Yohanssona, növbəti mərhələdə isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Həmyerlimiz bu qələbələrin hamısını "tuşe" ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra (Türkiyə) məğlub olan təmsilçimiz bürünc medal uğrunda güləşəcək.

Elnurə Məmmədova (55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb - 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri "tuşe" ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Tuba Demir (Türkiyə) olacaq.

Nigar Mizəzadə (68 kq) təsnifat mərhələsində almaniyalı Sofiya Şaefleyə uduzub - 4:5.

Qeyd edək ki, bu çəki dərəcələrində medal görüşləri iyunun 30-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.