İDMAN


Güləşçimiz Hacı Əliyev İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi adını qazanıb

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda albaniyalı Zelimxan Abakarova “tuşe” ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, dörddəbir finalda üçqat Avropa və üçqat dünya çempionu olan güləşçimiz İran idmançısı Morteza Hasanaliyə qalib gələrək yarımfinala adlayıb. Növbəti görüşünü özbəkistanlı Umidjon Jalolova qarşı keçirən H.Əliyev xalçadan qalib ayrılıb və finala yüksəlib.

Güləşçimiz 2017-ci ildə Bakıda təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.

V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.