ELM VƏ TƏHSİL
Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub
Bakı, 19 iyul, AZƏRTAC
2017/2018-ci tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə 2017-ci ildə ali təhsil müəssisələrinin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600‑dən yuxarı bal toplamış, 20 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 6 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təqdim olunacaq.
Seçim zamanı uğur qazanmış iki nəfər namizəd Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə təhsil almağa göndəriləcəkdir.
Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar.
Birinci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Gülhanə Tibb Fakültəsini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər. Həmin şəxslərin ən azı 10 il müddətində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir.
Müsabiqədə iştirak etmək istəyənlər imtahanların nəticələri elan olunduqdan sonra iyulun 31-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.