MƏDƏNİYYƏT


Gülhüseyn Hüseynoğlunun “Mücrü” kitabının təqdimatı olub

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq yazıçısı, görkəmli alim və pedaqoq Gülhüseyn Hüseynoğlunun seçilmiş əsərlərinin yer aldığı “Mücrü” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın dəstəyi ilə nəşr olunan kitabın redaktoru və “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir.

Tədbiri AYB-nin katibi İlqar Fəhmi açaraq G.Hüseynoğlu yaradıcılığını yad etdiklərinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sovet hakimiyyəti illərində azadlıq uğrunda mübarizə aparan yazıçının məşəqqətli həyatından söhbət açıb.

Sonra yazıçının yaradıcılığı haqqında ətraflı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının Azərbaycan ədəbiyyatının inkişafındakı mühüm rolundan bəhs edib.

Kitabın ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə Mikayıl Müşfiq şeirlərinin vurğunu olduğunu və şairin yaradıcılığını dərindən araşdıran G.Hüseynoğluna böyük rəğbət bəslədiyini söyləyib.

G.Hüseynoğlu yaradıcılığı və şəxsiyyətindən bəhs edən akademik Teymur Kərimli mənsur şeir ustası G.Hüseynoğlunun Avropa və rus ədəbiyyatından daha çox, məhz klassik Azərbaycan ədəbiyyatı ənənələrinə söykəndiyini vurğulayıb. T.Kərimli yazıçı ilə bağlı xatirələrini də bölüşüb.

Tədbirdə, həmçinin akademik Abel Məhərrəmov, filologiya üzrə elmlər doktorları - Vaqif Yusifli, Məmməd Əliyev və digərləri çıxış edərək G.Hüseynoğlu ilə bağlı xatirələrini bölüşüb, yazıçının antisovet fəaliyyətindən, azadlıq uğrunda mübarizəsindən danışıblar.

Sonda yazıçının oğlu Toğrul Abdullayev kitabın nəşrinə görə AMEA rəhbərliyinə və tədbirin iştirakçılarına öz minnətdarlığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.