REGİONLAR
Güllə atıcılığı üzrə Dünya Kuboku yarışları minlərlə turisti Qəbələyə cəlb edib
Qəbələ, 13 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları yerli və xarici qonaqlara, idmansevərlərə unudulmaz anlar yaşatmaqda davam edir. Artıq 6 gündür ki, Qəbələdəki bu mötəbər yarışlar dünyaya səs salıb. Ümumilikdə 45 ölkədən idmançıların iştirak etdiyi Dünya Kuboku yarışları turizmin inkişafına təkan verərək minlərlə turisti Azərbaycana cəlb edib.
AZƏRTAC xəbər verir ki, bu idman tədbirinə yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərirlər. Yarış günlərində Qəbələnin bütün otelləri, istirahət və əyləncə mərkəzləri turistlərlə dolur. İnsanlar müasir otellərində və kirayə verilən yüksək şəraitə malik kənd evlərində yerləşərək həm dincəlirlər, həm də gündə iki dəfə dünyanın tanınmış güllə atıcılarının iştirakı ilə keçirilən yarışlara baxırlar. Xatırladaq ki, iyunun 8-dən 13-dək Dünya Kubokunun Qəbələ mərhələsi çərçivəsində 10 dəst medal uğrunda yarışlar keçirilib, ümumilikdə, 4 minə yaxın yerli və xarici tamaşaçı qeydə alınıb.
Artıq 4-cü dəfədir ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Dünya Kuboku yarışları və Beynəlxalq Qran-Pri turnirləri Qəbələdə keçirilir. Qəbələ yarışlarının əcnəbi tamaşaçıları arasında bu vaxtadək Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma bu il Qəbələyə müsəlman ölkələrindən gələn turistlərin sayının artması Dünya Kuboku yarışlarının tamaşaçı auditoriyasını daha da genişləndiyindən xəbər verir. Ümumilikdə isə bu günlərdə Qəbələyə Rusiya, Almaniya, Türkiyə, Böyük Britaniya, Ukrayna, Çin, İsveçrə, Latviya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Səudiyyə Ərəbistanı, Pakistan, Misir və Cənubi Afrika Respublikasından turistlər gəlib. Turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində lazımi şərait yaradılıb.
Almaniyalı turist Sarah Qayonska AZƏRTAC-a müsahibəsində möhtəşəm səviyyədə təşkil edilən bu yarışları maraqla izlədiyini bildirərək deyib: “Dünya Kuboku yarışlarının yüksək səviyyəli idman tədbiri olduğunu əvvəlcədən bilirdim. Mən Qəbələyə dostumla gəlmişəm. Almaniya komandasına azarkeşlik edirəm. Azərbaycanda bir neçə dəfə olmuşam. Bu yerlərin gözəl təbiəti və insanların qonaqpərvərliyi məni valeh edir”.
Çindən Qəbələyə istirahətə gələn turist Liu Rui deyir ki, burada qızıl medal qazanan çinli idmançılarla xatirə şəkili çəkdirib. “Mən Çin komandasının uğurlarına çox sevindim. Bizim komanda bu yarışların lideri oldu. Mən atıcılıq idman növünü çox sevirəm. Uşaqlıqdan bu idmana həvəsim var. Qəbələ Stend və Ox Atıcılığı Kompleksinin turistlər üçün nəzərdə tutulan zalında tüfəng və tapançadan hədəfə bir neçə dəfə atəş açdım. Mən isti yay günlərində istirahət üçün Qəbələni seçdiyimə görə peşman deyiləm. Burada hava sərindir, axşamlar yağış yağır. Mən gözəl təbiəti, istirahət mərkəzləri, qonaqpərvər insanları olan Qəbələyə gəlməklə, həm də çox sevdiyim yarışları izləmək imkanı qazanmışam. Yəqin ki, bu günlərdə Qəbələyə gələn turistlərin əksəriyyəti mənim kimi tamaşaçılardır”, - deyə Liu Rui vurğulayıb .
İsveçrəli Vanessa Hostetter ailə üzvləri və yaxın qohumları ilə birgə Azərbaycana ilk dəfə gəldiyini, Bakını və Qəbələni çox bəyəndiyini, insanların mehriban və qonaqpərvər, təbiətin çox gözəl olduğunu bildirib. O, AZƏRTAC-a müsahibəsində səfər təəssüratlarını bölüşərək deyib: “Biz bura turizm şirkəti ilə gəlmişik. Dörd gündür ki, Qəbələdə dincəlirik. Burada özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir, xidmətlərə görə qiymətlər də yaxşıdır”.