MƏDƏNİYYƏT


Gülnarə Xəlilovanın “Turan” kolleksiyası Ümumdünya Köçəri Oyunlarında böyük maraq doğurub

Bakı, 14 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Turan” kolleksiyası Çolpon-Ata (Qırğızıstan) şəhərində keçirilmiş III Ümumdünya Köçəri Oyunlarında böyük maraq doğurub. Səfər Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin dəvəti əsasında təşkil edilib.

“Turan” kolleksiyası müasir üslubda 10 milli geyim nümunəsindən ibarət olub. Kolleksiya “Köçərilərin kainatı” beynəlxalq etnomədəniyyət festivalı çərçivəsində Issık-Kul gölünün sahilində yerləşən Nomad amfiteatrında təqdim olunub.

G.Xəlilova AZƏRTAC-a bildirib ki, Ümumdünya Köçəri Oyunlarında 50 ölkə öz mədəniyyətini təqdim edib: “Min yurddan ibarət etnik şəhərcik əsas mədəniyyət meydançası oldu. Şəhərcik gözəl mənzərəli Kırçın yüksək dağ dərəsi boyunca uzanır. Etnoşəhərin qonaqları köçəri tayfaların hərəkətinin qızıl dövrünə aid yenidən yaradılmış zəngin məskunlaşma yeri obrazını əyani şəkildə gördülər. Tədbir rəngarəng səhnələşdirilmiş tamaşa ilə başladı. Ümumdünya Köçəri Oyunlarında Azərbaycan mədəniyyətini təmsil etmək mənim üçün böyük qürur idi. Kolleksiya qonaqların böyük marağına səbəb oldu, nümayişdən sonra insanlar yaxınlaşaraq öz heyranlıqlarını ifadə edirdilər”.

III Ümumdünya Köçəri Oyunlarında 77 ölkədən idmançı iştirak edib, 594 medal oynanılıb. Oyunların məqsədi dünyanın köçəri xalqlarının tarixi və mədəni irsini dirçəltmək və qorumaqdır. Tədbirin proqramında 37 milli idman növü yer almışdı. Birinci yeri Qırğızıstan, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Rusiya tutub. Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti keçirilib. Təşkilatçı UNESCO-nun dəstəyi ilə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.