İQTİSADİYYAT


“Gültəkin Əsgərova” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb

Bakı, 24 dekabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Gültəkin Əsgərova” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, təmir işləri “Bibiheybət” gəmi təmiri zavodunda aparılıb. Bu müddətdə baş və köməkçi mühərriklər, buxar qazanı, braşpil, şpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar, kompressorlar, köməkçi mühərriklərin generatorları, elektrik mühərrikləri və boru sistemləri təmir olunub. Eyni zamanda, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib.

Heyətin yaşayış otaqlarında yeni mebellər quraşdırılıb, sanitar qovşaqlarda və yeməkxanalarda lazımi təmir işləri aparılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir edilib. Sualtı hissəsinin texniki vəziyyətini yoxlamaq məqsədilə gəmi tərsanəyə qaldırılıb və dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, gəminin sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu-təkərlər yenilənib. Gəminin dəniz sınağı işləri uğurla başa çatıb.

“Gültəkin Əsgərova” gəmisi ASCO-nun digər təchizat-yedək gəmiləri kimi dənizdəki neft və qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğularının yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.