SİYASƏT
Günay Əfəndiyeva: Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının mədəni dəyərləri ilə bağlı müxtəlif layihələr reallaşdırıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sentyabrın 2-3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə və III Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, G.Əfəndiyeva, həmçinin Sammit çərçivəsində təşkil olunan Bişkekdə Türk Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının görüşündə çıxış edib, uzun müddətdən bəri gözlənilən tədbirin təşkili və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunmasının, öyrənilməsinin və beynəlxalq arenada təbliğ edilməsinin əhəmiyyətindən danışıb. O, türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələri, möhtəşəm memarlıq abidələrinin mühafizəsinin önəmini diqqətə çatdırıb, yenicə fəaliyyətə başlamış Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi tədbir, konfrans, simpozium, sərgilərdən bəhs edib. Vurğulanıb ki, müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qısa zaman ərzində türk dünyası mədəniyyəti, zəngin tarixi, milli mənəvi dəyərləri əhatə edən müxtəlif layihələrə imza atıb. Həyata keçirilən bir sıra layihələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının imzaladığı Bəyannamədə öz əksini tapıb.
Çıxışı zamanı rəhbərlik etdiyi Fondun türk dünyasına xas maddi irsin mühafizəsinə xüsusi diqqət ayırdığını, məhvolma təhlükəsi ilə qarşılaşan tarixi abidələrin siyahısının hazırlanılmasına başladığını vurğulayan G.Əfəndiyeva, həmçinin nümunə olaraq işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi və mədəniyyət abidələrinə vurulan zərər haqqında Fond tərəfindən həyata keçirilən tədqiqat işlərindən bəhs edib.
G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün bina ayrıldığına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini bildirib və binanın açılışının gələn il Bakıda təşkil ediləcək Türk Şurasının VII Sammiti çərçivəsində keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sammit çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sənədlər imzalanıb.
İclasda Qırğız Respublikası xarici işlər naziri Erlan Abdıldayev, Qazaxıstan Respublikası xarici işlər naziri Kayrat Abduraxmanovo, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, Macarıstan Respublikası xarici işlər naziri Peter Siyarto, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, TürkPA, Türk Akademiyasının rəhbərləri iştirak ediblər.