MƏDƏNİYYƏT
Günay Əfəndiyeva Bilgə Tonyukuk abidəsinin ucaldılmasının 1300 illiyinə həsr olunmuş videokonfransda iştirak edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da UNESCO üzrə Türkiyə Milli Komissiyasının təşkilatçılığı ilə Bilgə Tonyukuk abidəsinin ucaldılmasının 1300 illiyinə həsr olunmuş onlayn videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə TURKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbər və nümayəndələri, Türkiyə Respublikası Xarici İşlər və Təhsil nazirlərinin müavinləri, UNESCO üzrə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan Milli Komissiyalarının rəhbər və baş katibləri, Türkiyənin tanınmış alimləri iştirak etdilər.
UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz konfransı açaraq tədbirin məqsədinin türk tarixində önəmli yerə sahib olan Tonyukuk abidəsinin qorunması ilə bağlı fikir mübadiləsinin aparılması və abidənin mətnlərini UNESCO dəyərləri baxımından müzakirə edilməsi olduğunu söyləyib.
Konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. Fondun prezidenti çıxışında Tonyukuk abidəsinin türkdilli xalqların qədim maddi və mənəvi dəyəri olduğunu və “Türk” sözünə ilk dəfə Göytürk dövrü hadisələrini əhatə edən yazılı mənbələrdə rast gəlinməsinin onun bütün türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Türk xalqlarının milli kimliyinin və mədəni irsinin əsaslarını əks etdirən Tonyukuk abidəsinin tarixi dəyərlərin başlanğıc nöqtəsi sayıla biləcəyini qeyd edib.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk mədəniyyəti və tarixinin öyrənilməsi ilə bağlı keçirilən layihələrə dəstək verməyə davam edəcəyini vurğulayıb.
Fondun prezidenti Tonyukuk abidəsi ilə əlaqəli bir sıra proqramların həyata keçiriləcəyini, məqsədlərinin gəncləri və yeni nəsilləri zəngin türk irsi ilə yaxından tanış etmək, habelə bu dəyərləri beynəlxalq aləmdə tanıtmaq olduğunu söyləyib.
Sonda Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyasının mədəni irsinin qorunması ilə bağlı təşəbbüsləri həm UNESCO layihələri çərçivəsində, həm də dünya miqyasında dəstəkləyəcəyini vurğulayıb.
Konfrans Tonyukuk ilə bağlı məlumatların təhsil proqramlarına salınması, abidənin qorunması ilə bağlı müvafiq işlərin aparılması, eləcə də ümumilikdə türk dünyasına aid abidələrin mühafizəsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi ilə başa çatıb.