SİYASƏT


Günay Səlimzadə: Düşmənin atəşi nəticəsində mülki şəxslərin həlak olması barədə beş cinayət işi Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərmi Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi sakini Qurbanov Elbrus İsa oğluna məxsus fərdi evin həyətinə düşüb. Həmin vaxt evdə olan 1951-ci il təvəllüdlü Qurbanov Elbrus İsa oğlu və onun ailəsinin 4 üzvü həlak olub. Habelə mərminin partlaması nəticəsində Elbrus Qurbanovun yaşadığı evə 100 min manat məbləğində maddi ziyan dəyib.

Həmin faktlarla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adamöldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Bundan əlavə, Ağdam rayonunun işğal olunmuş ərazilərindən cəbhənin təmas xətti boyunca Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan, top və minaatanlardan açdıqları intensiv atəş nəticəsində sentyabrın 28-də saat 7 radələrində Ağdam rayonunun Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlunun baş nahiyəsindən qəlpə yarası xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsinə və tibbi yardımın göstərilməsinə baxmayaraq, həlak olması faktına görə də Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Sentyabrın 28-də saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub. Həmin vaxt ərazidən keçən təcili tibbi yardım avtomaşınının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan polis əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıblar.

Saat 19:00 radələrində Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu, 1981-ci il təvəllüdlü Əsədov Sabir Usub oğlu həlak olub, 1984-cü il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Həmin faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bundan əlavə, sentyabrın 28-də saat 18:40-da Ermənistan silahlı qüvvələri təcavüzkar əməllərini davam etdirərək mülki əhalinin yaşadığı kəndləri hədəfə almaqla milli, irqi, dini düşmənçilik və ədavət niyyəti ilə ümumi təhlükəli üsulla kənd sakinlərini qəsdən öldürmək məqsədilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə hücum edərək Şamlıq adlanan ərazini iriçaplı artilleriyadan atəşə tutub. Atəş nəticəsində əraziyə düşən mərmi həmin vaxt orada olan kənd sakini 2000-ci il təvəllüdlü Həziyev Hilal Murad oğlunun sifət nahiyəsinə dəyərək onun qəsdən həyatdan məhrum edilməsinə cəhd göstərilib.

Həmin fakt üzrə Cəbrayıl Rayon Prokurorluğunda da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitinə uyğun olaraq mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Yaralıların aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi, həmçinin əmlaka vurulan ziyanın məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar da təyin olunub. Göstərilən faktlara görə başlanan beş cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.